RƏSMİ

23 Oktyabr

GÜNDƏM: Prezident bu sazişini təsdiqlədi; bir necə fərmanlarda dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” təsdiq edilib.

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra ─ Agentlik) rəsmi emblemi Agentliyin rəmzidir. Rəsmi emblem Agentliyin hər bir əməkdaşına Agentliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

Agentliyin rəsmi emblemi Agentlik əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Agentliyə mənsubiyyətini bildirən nişandır.

Agentliyin rəsmi emblemi Agentliyin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Agentliyin rəsmi emblemi onun blanklarında, inzibati binalarının adı göstərilən lövhələrində yerləşdirilə bilər.

Agentliyin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

Agentliyin çap məhsullarında, kino, video, fotomateriallarında;

Agentliyin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin TƏSVİRİ

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi kənarı boyunca enli qızılı haşiyəli qara dairə formasındadır.

Dairənin kənarı üzrə enli qızılı haşiyədən sonra ensiz qızılı haşiyə, qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “STRATEJİ OBYEKTLƏRİN MÜHAFİZƏSİ DÖVLƏT AGENTLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “RESPUBLİKASI” sözündən sonra qızılı rəngli səkkizguşəli ulduz təsvir edilmişdir.

Dairənin mərkəzində üzərində 12 ədəd düymə təsvir edilmiş və kənarları boyu tünd qızılı kantla haşiyələnmiş növbəti qızılı dairənin daxilində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Dövlət Gerbinin arxasında kəsişmə görüntüsü yaradan, dəstəkləri və iti ucları görünən qızılı rəngli iki ədəd qılınc yerləşir.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları”nı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

* * *

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.