RƏSMİ

07 Oktyabr

GÜNDƏM: Moskvada MDB Xarici İşlər Nazirləri İclası Keçirildi, Azərbaycanda Gömrük Forumu Təşkil Olunacaq

Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidentinin müşaviri Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bu barədə açıqlama verib.

O qeyd edib ki, ASK gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir və sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər müsbət nəticələr verməkdədir. Hazırda ASK, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri aparır. Z.Hacılı, qarşıdan gələn Gömrük Forumunun dialoq üçün mühüm platforma olacağını və əhəmiyyətli nəticələr verəcəyini vurğulayıb.

Eyni zamanda, Z.Hacılı bildirib ki, Azərbaycan Orta Dəhlizin əsas halqası olaraq yalnız tranzit ölkəsi ilə məhdudlaşmır. Ölkə, ticarət marşrutlarının şaxələndirilməsi prosesində aktiv iştirakçı kimi çıxış edir, Şərq və Qərb arasında əlaqələrin təminatında və Şimal ilə Cənubun birləşdirilməsində əsas rol oynayır.

O, sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və sərhədlərin keçid prosedurlarının sadələşdirilməsi üzrə işlərin yüksək səviyyədə aparıldığını vurğulayaraq, bunun Azərbaycanın regionda tranzit marşrutları arasında lider mövqelərdən birini tutmasına imkan verdiyini qeyd edib.

* * *

VII çağırış Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Fins.az-ın məlumatına görə, parlamentin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ daxil edilib.

Ümumilikdə iclasın gündəliyinə 28 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə).

9. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

12. “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

13. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

14. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

15. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

16. “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

17. “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

20. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

21. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

23. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

24. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

27. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 28. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.

* * *

7 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Fins.az-ın məlumatına görə, Ceyhun Bayramov çıxışında MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və digər istiqamətlər üzrə əməkdaşlığa dair Azərbaycanın baxışını təqdim edib. Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi haqqında məlumat verib.

Nazirlər Şurasının iclasının təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edərək, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistan Respublikasına uğurlar arzulayıb. O, MDB-yə üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Humanitar və gənclər sahəsində əməkdaşlığın artırılması üzrə birgə tədbirlərin keçirilməsinin üzv ölkələr və xalqlar arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edib. Ceyhun Bayramov Azərbaycanın “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyini bildirərək, növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunmasının bu sahədə birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan yaradacağını vurğulayıb.

MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsinin və maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Eyni zamanda, mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edərək inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin önəmini qeyd edən Bayramov, ölkəmiz tərəfindən sentyabr ayında keçirilmiş Kiberdiplomatiya üzrə beynəlxalq konfransdan bəhs edib. COP29 sədrliyi barədə də ətraflı məlumat verərək, qlobal iqlim fəaliyyətinə mühüm töhfə vermək məqsədilə genişmiqyaslı hazırlıq işləri apardıqlarını bildirib.

İclasın davamında MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iqtisadi inteqrasiya, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Həmçinin, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının təsdiq ediləcəyi və növbəti iclasın tarixinin müzakirə ediləcəyi bildirilir.

* * *

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

Fins.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyininin yaydığı məlumatda deyilir.

"Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır", - deyə əlavə edilib.