Biz iqlim dəyişikliyi ilə bağlı məqsədləri müəyyən edib müzakirə etməliyik.
Fins.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliklərinin çətinlikləri dayanıqlı inkişaf məqsədlərinə nail olmağa mane olur.
“Biz koordinasiya olunan qlobal tədbirlərə üz tutmalıyıq. Ölkələr bilməlidilər ki, biz bu yolla dayanıqlı inkişafı dəstəkləyə bilərik. Elə həll yolları tapmalıyıq ki, bu dayanıqlı inkişafda heç kəs kənarda qalmasın”,- deyə M.Babayev bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
* * *
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşüb.
Fins.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.
Azərbaycan və Anqola arasında iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi msləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.