RƏSMİ

30 Avqust

“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” adlı publik hüquqi şəxs yaradılıb və onun nizamnaməsi təsdiq edilib.

Bu yeni agentlik, Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində tənzimləməni təmin edəcək. O, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair qaydalara, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim forması və fərqləndirmə nişanlarını təsdiq edəcək. Bununla yanaşı, Ali Məclis sədrinin aktlarının yeni fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay ərzində hazırlanaraq təqdim ediləcək. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Fuad Mədətov
Fins.az