Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib. Bu tədbirdə ikitərəfli əlaqələrin inkişafında mühüm addım atılaraq, Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına qərar verilib.
Fins.az xəbər verir ki, konfransda çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev, ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə edərək, Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini başlatdığını vurğulayıb.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev isə iki ölkə arasında imzalanan sənədlərin regional və qlobal əhəmiyyətini qeyd edərək, iqtisadi sahədə əməkdaşlığın inkişafının vacibliyini bildirib. O, xüsusilə özəl sektorlar arasında əlaqələrin gücləndirilməsinin və bürokratik maneələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Azərbaycanı Özbəkistan üçün Avropaya, Özbəkistanı isə Azərbaycan üçün Asiyaya körpü kimi xarakterizə edərək, ikitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyini söyləyib.
Konfransın sonunda hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin iştirakı ilə panel müzakirələri keçirilib. Tədbirin nəticəsi olaraq, Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılması qərara alınıb. Bu şura, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni perspektivlər açacaq.
Fuad Mədətov
Fins.az