RƏSMİ

22 Avqust

Milli Məclisə növbədənkənar seçkilərdə ikinci ilkin maliyyə hesabatının təqdimatı başa çatır

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar olaraq, seçki vəsaitləri üzrə ikinci ilkin maliyyə hesabatlarının təqdim edilməsi müddəti bu gün sona yetir.

Fins.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

MSK-nın Təqvim Planına uyğun olaraq, ikinci ilkin maliyyə hesabatları, qeydə alınmış namizədlər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən, həmçinin namizədi qeydə alınmış siyasi partiyalar və ya siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilməlidir.

Maliyyə hesabatlarının təqdim olunması prosesi müvafiq seçki komissiyalarına ardıcıl şəkildə həyata keçirilir. Seçki prosesinin şəffaf və hesabatlı şəkildə keçirilməsi məqsədilə, birinci ilkin maliyyə hesabatı namizədlərin qeydiyyat üçün təqdim etdikləri zəruri sənədlərlə birlikdə müvafiq seçki komissiyasına təqdim olunur. İkinci ilkin maliyyə hesabatı isə səsvermə gününə 20-10 gün qalmış təqdim edilməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 iyun tarixli sərəncamı ilə VI çağırış Milli Məclis buraxılmış və Milli Məclisə növbədənkənar seçkilər 1 sentyabr tarixinə təyin edilib.

Fuad Mədətov
Fins.az