RƏSMİ

19 İyul

Qanunsuz parklanma yerlərinin təşkili və həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib

Ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb. Qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Parklanma ödənişi ilə bağlı inzibati tənbeh tədbiri təkmilləşdirilir, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilir.

Sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə müəyyən edilir.

Qanunvericilikdə, həmçinin dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilir. Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Şəhərdə inklüzivliyin artırılması məqsədilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği on manatdan altmış manata qaldırılır. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılır.

Elektrik avtomobillərinin istifadəsinin təşviqi məqsədilə ilk dəfə olaraq, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə müəyyən edilir.

Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının), onların əməkdaşlarının, Azərbaycan Respublikasında yerləşən xarici səfirliklərin, konsul nümayəndəliklərinin və beynəlxalq təşkilatların istifadəsində olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə edilir.

Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Fuad Mədətov
Fins.az