RƏSMİ

19 İyul

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilib

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə müəyyən edilir. Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının sərxoş vəziyyətdə pozulması ilə bağlıdır. Pozuntu alkoqoldan istifadə olunması nəticəsində törədilərsə, 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə, 200 manat məbləğində cərimə müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə müəyyən edilir. Bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir. Bundan əlavə, velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilir.

Fuad Mədətov
Fins.az