"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Fins.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və digər qonaqlar iştirak ediblər.
İclasda, həmçinin, "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara dəyişiklik edilməsi müzakirə edilib.
Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər isə 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.