Ekologiya sahəsində fəaliyyət göstərən məqsədli büdcə fondları ikili uçota yol veriblər.
Fins.az xəbər verir ki, Hesablama Palatasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı rəyində bildirilib.
Sözügedən fondlar üzrə qalıq vəsaitlər 2023-cü ilin dövlət büdcəsinin gəlirlərində tanınıb, lakin aparılan təhlillər müvafiq fondlar üzrə istifadə edilmiş qalıq vəsaitin dövlət büdcəsində gəlir kimi tanınan müvafiq məbləğdən dəfələrlə az olduğunu göstərib.
Dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən 2023-cü ildə bu fondların gəlirləri 18,9 mln. manat, xərcləri isə 19,9 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 10,5% və 3,8 dəfə çoxdur.
Hesabat ilində ekologiya sahəsində fəaliyyət göstərən məqsədli büdcə fondlarının 2022-ci ilin sonuna qalıq vəsaitlərinin cəmi 50,5 mln. manat, gəlirləri 18,9 mln. manat, xərcləri 19,9 mln. manat təşkil edib və ilin sonunda da qalıq vəsaitləri cəmi 1,0 mln. manat azalaraq 49,5 mln. manata bərabər olub. Beləliklə, aparılan hesablamalar qalıq vəsaitdən istifadə edilən vəsaitin 1,0 mln. manat olduğunu deməyə imkan verir ki, bu da dövlət büdcəsində gəlir kimi tanınan məbləğdən (22,6 mln. manat) dəfələrlə azdır.
Bununla yanaşı, dövlət büdcəsinin icrasına dair illik hesabatda ekologiya sahəsində fəaliyyət göstərən məqsədli büdcə fondlarının daxilolmalarının məbləği ilə bağlı uyğunsuzluğa rast gəlinib. Belə ki, hesabatın bir hissəsində həmin fondların gəlirlərinin ümumilikdə 18,6 mln. manat olduğu qeyd edilsə də, digər bir hissədə hər bir məqsədli büdcə fondu üzrə qeyd edilmiş gəlirlərin cəmlənməsindən alınan yekun məbləğ 18,9 mln. manat təşkil edib.
Qeyd edək ki, Hesablama Palatasına təqdim edilmiş hesabatlarda ekologiya sahəsində fəaliyyət göstərən fondlar üzrə gəlir, xərc, ilin əvvəlinə və sonuna olan qalıq vəsaitlərin cəmi də müvafiq olaraq 18,9 mln. manat, 19,9 mln. manat, 50,5 mln. manat və 49,5 mln. manat təşkil edib.
Hesablama Palatası növbəti dəfə ekologiya sahəsində məqsədli büdcə fondlarının fəaliyyətini tənzimləyən hüquqi aktlarda bu fondların məqsədli büdcə fondlarına aid edilməsi ilə bağlı konkret müddəaların olmaması məsələsini bir daha vurğulayıb, bu istiqamətdə əməli addımların atılmasının zəruriliyini qeyd edir.