RƏSMİ

23 May

Hesablama Palatası: Gəlir və xərclərin bəzi istiqamətlər üzrə uçotu vahid büdcə təsnifatına uyğun olmayıb

Gəlir və xərclərin bəzi istiqamətlər üzrə uçotu vahid büdcə təsnifatına (VBT) uyğun olmayıb.

Fins.az xəbər verir ki, bu barədə 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesablama Palatası bu uyğunsuzluqları mahiyyətcə əhəmiyyətli hesab etməklə, bunun qanun layihəsinə və illik hesabata təsir etdiyi qənaətinə gəlib. Bildirilib ki, Hesablama Palatası tərəfindən aparılan təhlillər (analitik araşdırma) və kənar dövlət maliyyə nəzarəti tədbirləri 2023-cü ilin dövlət büdcəsində bəzi xərclərin VBT-yə uyğun nəzərdə tutulması və icrası ilə bağlı uyğunsuzluqların mövcud olduğunu göstərir. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional, inzibati və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddəsində) nəzərdə tutulmaq və icra edilmək əvəzinə, digər istiqamətlərdə nəzərdə tutulur və icra edilir ki, bu da dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır. Bu uyğunsuzluqlar bəzi hallarda Qanun layihəsində və illik hesabatda əks etdirilən göstəricilərə də təsir göstərir.

Funksional təsnifat üzrə uyğunsuzluqlar

- Minatəmizləmə Agentliyi üzrə 78,9 mln. manat funksional təsnifatın “Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyət” köməkçi bölməsi üzrə uçota alınmalı olsa da, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyət” köməkçi bölməsində uçota alınıb.

- Daxili İşlər Nazirliyi üzrə 16,4 mln. manat funksional təsnifatın müvafiq olaraq “Ali təhsil”, “Əlavə təhsil”, “Məktəbəqədər təhsil” köməkçi bölmələri üzrə uçota alınmalı olsa da, “Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqrafında uçota alınıb. Qeyd edək ki, bu məsələ 2024-cü ilin dövlət büdcəsində nəzərə alınıb.

- Dövlət Gömrük Komitəsi üzrə 2,9 mln. manat, Daxili İşlər NazirliyininDaxili Qoşunlarının Baş İdarəsi üzrə 5,1 mln. manat, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə 8,3 mln. manat funksional təsnifatın müvafiq olaraq “Ali təhsil” köməkçi bölməsi üzrəuçota alınmalı olsa da, “Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqrafında uçota alınıb. Qeyd edək ki, bu məsələ 2024-cü ilin dövlət büdcəsində nəzərə alınıb.

- Daxili İşlər Nazirliyi üzrə 15,9 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 14,6 mln. manat, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi üzrə 3,8 mln. manat, Fövqəladə Hallar Nazirliyi üzrə 6,6 mln. manat, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üzrə 12,4 mln. manat funksional təsnifatın müvafiq olaraq “Ümumi təyinatlı xəstəxana”, “Ümumi təyinatlı tibbi xidmət” paraqrafları üzrə uçota alınmalı olsa da, “Səhiyyəsahəsində digər xidmətlər” köməkçi bölməsində uçota alınıb.

- Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin təhlili göstərir ki, bu xərclər müxtəlif köməkçi bölmələr və paraqraflar üzrə icra edilməli olsa da, hər bölmənin daxilində əsasən 1 köməkçi bölmə üzrə icra edilib. Qeyd edilib ki, büdcədənkənar vəsaitlərin gəlir və xərcləri öncədən proqnozlaşdırılsa da, müvafiq xərclər funksional təsnifatın bölməsi daxilində 1 məbləğlə təsdiq edilir, bölüşdürülməsi isə il ərzində həyata keçirilir. Bunu diqqətə alaraq, həmin xərcin icrasının uçotunun müxtəlif funksional və inzibati təsnifat üzrə aparılmasının məqsədəuyğunluğu qənaətindəyik. Təhlil büdcədənkənar xərclər üzrə 300,0 mln. manatdan çox vəsaitin VBT ilə tələb olunan istiqamət üzrə uçota alınmadığını deməyə imkan verir. Hesablama Palatası qeyd edib ki, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun formalaşan gəlirlər üzrə büdcədənkənar xərclər müvafiq olaraq “Ümumi dövlət xidmətləri”, “Sosial müdafiə və sosial təminat, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət”, “Mənzil və kommunal təsərrüfatı”, “İqtisadi fəaliyyət” bölmələrində icra edilməlidir.

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs üzrə 5,8 min manat, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs üzrə 6,9 mln. manat “Rabitə,

informasiya və yüksək texnologiyalar” paraqrafında uçota alınmalı olsa da, “Digər iqtisadi xidmətlər” paraqrafında uçota alınıb.

- “Azərbaycan Dəmir Yolları” QSC üzrə 71,0 mln. manat “Dəmir yolu nəqliyyatı” paraqrafında uçota alınmalı olsa da, “Digəriqtisadi xidmətlər” paraqrafında uçota alınıb.

-Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ üzrə 250,0 mln. manat “Tikinti və şəhərsalma” köməkçi bölməsində uçota alınmalı olsa da, “İqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər” köməkçi bölməsində uçota alınıb.

İqtisadi təsnifat üzrə uyğunsuzluqlar:

- Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1467,8 mln. manat vəsaitin “Digər müavinətlər” paraqrafında nəzərdə tutulmasını məqsədəuyğun hesab etmirik. Qeyd edək ki, VBT-yə 2023-cü ildə edilmiş dəyişikliklərdən sonra “Qrantlar və digər ödənişlər” üzrə bu istiqamətdə yeni xərc paraqrafı yaradılıb, əlavə və dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

- Dövlət büdcəsindən publik hüquqi şəxslərə bir sıra dövlət sifarişləri üzrə 442,0 mln. manat xərclərin “Subsidiyalar” paraqrafında nəzərdə tutulmasını məqsədəuyğun hesab etmirik. Qeyd edək ki, VBT-yə 2023-cü ildə edilmiş dəyişikliklərdən sonra “Qrantlar və digərödənişlər” üzrə bu istiqamətdə yeni xərc paraqrafı yaradılmış, əlavə və dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

- Dövlətdən sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üzrə 24,3 mln. manat əsasən “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsində və “Nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsi” paraqrafında proqnozlaşdırılmalı və icra edilməli olsa da, yalnız “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsində proqnozlaşdırılmış və icra edilmişdir. Bununla yanaşı hesab edirik ki, bu xərclər bir funksional bölmə daxilində deyil, aidiyyəti üzrə müvafiq bölmələrin daxilində icra edilməlidir.

- Azərbaycan İnvestisiya Holdinqinə nizamnamə kapitalının artırılması üçün ayrılmış 9,0 mln. manat “Maliyyə aktivləri üzrəəməliyyatlar” bölməsində nəzərdə tutulmalı və icra edilməli olsa da,“Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılıb və icra edilib.

- Hesablama Palatası su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı üzrə 3,5 mln. Manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında icra edilməsinin məqsədəuyğun olmadığını hesab edir.

- Hesablama Palatası Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə 167,3 mln. manatın “Sair xərclər” maddəsində nəzərdə tutulmasının və icra edilməsinin də məqsədəuyğun olmadığını hesab edir. Qeyd edək ki, VBT-yə 2023-cü ildə edilmiş dəyişikliklərdən sonra iqtisadi təsnifatın müvafiq köməkçi bölmələrinə diplomatik və ticarət nümayəndəlikləri ilə bağlı yeni xərc paraqrafları əlavə edilmiş, əlavə və dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

- Hesablama Palatası “Yerli icra hakimiyyəti orqanları” üzrə “İşıqlandırılma”,“Yaşıllaşdırma” və “Ərazilərin təmizlənməsi” paraqraflarında müvafiq olaraq 31,9 mln. manatın, 48,7 mln. manatın və 238,6 mln. manatın “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsində nəzərdə tutulmasının və icra edilməsinin məqsədəuyğun olmadığını hesab edir.

- 1 qurum üzrə mənzillərin alınması ilə bağlı 35,0 mln. manat “Qeyri-maliyyə aktivləri” bölməsində icra edilməli olsa da, “Malların (işlərin və xidmətin) satınalınması” bölməsində icra edilib. Müvafiq xərclər bölüşdürülməmiş (bloklanmış) xərclər üzrə nəzərdə tutulduğundan 2023- cü ilin layihəsinə rəy verərkən şərh edilməsi mümkün olmayıb.

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə Hökumətbuludunun (G-Cloud) yaradılması və "Microsoft" Şirkətinin lisenziyalarının alınması ilə bağlı xərclər, müvafiq olaraq, 13,0 mln. manat və 6,0 mln. manat “Qeyri-maliyyə aktivləri” bölməsindən deyil, “Malların (işlərin, xidmətin) satınalınması” bölməsindən icra edilib. Müvafiq xərclər bölüşdürülməmiş (bloklanmış) xərclər üzrə nəzərdə tutulduğundan 2023-cü ilin layihəsinə rəy verərkən şərh edilməsi mümkün olmayıb. Qeyd edək ki, VBT-yə 2023-cü ildə edilmiş dəyişikliklərdən sonra “Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” maddəsi ləğv edilmiş, əlavə və dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Fuad Mədətov
Fins.az