RƏSMİ

23 May

Hesablama Palatası: Dövlət satınalmalarının planlaşdırılmasında boşluqlar var

Ötən il Azərbaycanda 4 492 sayda 3657,7 mln. manat məbləğində keçirilmiş açıq tenderin say baxımından 139-u və ya 3%-i, məbləğ baxımından isə 2027,2 mln. manatı və ya 55,4%-i kağız daşıyıcılar vasitəsilə keçirilib ki, bu da tenderdə iştirakla bağlı iddiaçılar üçün əlçatanlığı məhdudlaşdıran amil kimi qiymətləndirilə bilər.

Fins.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesablamalar göstərir ki, “etender.gov.az” - dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş dövlət satınalmalarının cəmi satınalmalarda payı say ifadəsində 58%, məbləğ ifadəsində isə 22% təşkil edib.

Hesabat ilində əksər satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib, Hesablama Palatası dövlət satınalmalarının ilin sonunda keçirilməsinin bir sıra risklər yarada biləcəyi və satınalmanın planlaşdırılmasında boşluqların olması barədə qənaətə gəlib.

Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40%-i ilin birinci yarısında, 60%-i isə ikinci yarısında tətbiq edilib.

Fuad Mədətov
Fins.az