Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 92-ci maddəsinin birinci hissəsində və 93-cü maddəsinin mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 92-ci maddəsinin birinci hissəsində və 93-cü maddəsinin mətnində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.1-ci bəndində “və Nazirliyi” sözləri “, Nazirliyi və digər dövlət orqanlarını (qurumlarını)” sözləri ilə əvəz edilib.
“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2007-ci il 11 aprel tarixli 562 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 avqust tarixli 803 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1386 (Cild I) 2-ci hissəsi ləğv edilib.