RƏSMİ

24 Aprel

İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilib

Borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsasları müəyyən edilib.

Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

“İcra haqqında” qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatına məhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsi əlavə edilib.

Həmçinin əlavə edilən 231.3-1-ci maddənin tələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətləri müəyyən edilib. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılacaq.