RƏSMİ

23 Aprel

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır

Azərbaycanda tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır.

Fins.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək təklif edilir.

Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.