Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması qaydası təsdiq edilib.
Fins.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bir sıra hallarda qida və yem məhsullarının Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına gömrük orqanı tərəfindən icazə verilmir:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xüsusi təhlükəli insan və heyvan xəstəliklərinin, zərərverici orqanizmlərin yayılması səbəbindən xarici ölkələrdən idxal olunan qida və yem məhsullarına dair qadağa və digər məhdudlaşdırıcı tədbirlər barədə qərarlar qəbul edildikdə;
Məhsulların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olmadıqda;
Məhsullara dair Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə əsasən tərtib olunmuş nümunəvi formaya uyğun sənədlər (sertifikatlar) təqdim edilmədikdə. 9.2. Qida və yem məhsullarının gətirildiyi nəqliyyat vasitəsindən gömrük anbarına saxlanılması üçün boşaldılması, digər bir və ya bir neçə nəqliyyat vasitəsinə yüklənilməsi Agentliyin və gömrük orqanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Bu qaydada nəzərdə tutulmuş hallarda qida və yem məhsullarına münasibətdə sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.
Qida və yem məhsulları bir və ya bir neçə nəqliyyat vasitəsinə yükləndikdən sonra Agentliyin səlahiyyətli nümayəndəsi müvafiq sənədləri (sertifikatları) yoxlayaraq onların etibarlılığını möhürü ilə təsdiqləyir.
Fiziki nəzarət tədbirləri nəticəsində Agentlik tərəfindən məhsullarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə bağlı uyğunsuzluq aşkar edildikdə, Agentliyin yazılı rəyi əsasında həmin məhsulların ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi gömrük orqanı tərəfindən təmin edilir.