Vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərə güzəştlər tətbiq olunacaq.
Fins.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.
Əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, 200 manata qədər olan hissəsi gəlir vergisindən azad olunacaq.
Misal üçün, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidənm azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.