RƏSMİ

01 Dekabr

Müəssisələrdə yoxlama həyata keçirilərkən baxış və götürmə zamanı videoçəkilişdən istifadə ediləcək

Yoxlama həyata keçirilərkən baxış və götürmə zamanı videoçəkilişdən istifadə məsələsi daha müasir üsullarla təmin ediləcək.

Fins.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.

Layihəyə əsasən, "Hal şahidlərinin iştirakı" adlanan 54-cü maddə yeni redaksiyada verilir. Bununla da baxış və götürmə zamanı videoçəkilişdən istifadə məsələsi daha müasir üsullarla təmin ediləcək.

Həmin maddənin mətni aşağıdakı kimidir:

- Bu Məcəllədə nəzərdə tutulmuş hallarda yoxlama keçirərkən rəqabət orqanı tərəfindən baxış və götürmə fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir.

-Baxış və götürmə haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunur.

Layihənin əvvəlki versiyasında bu maddə aşağıdakı kimi idi:

- Bu Məcəllədə nəzərdə tutulmuş hallarda yoxlama keçirərkən baxış və götürmə zamanı hal şahidləri dəvət edilir.

- Hal şahidləri qismində yoxlamanın nəticələrində maraqlı olmayan iki nəfərdən az olmayaraq fiziki şəxslər dəvət edilir.

- Hal şahidləri kimi rəqabət orqanının işçilərinin, onların ailə üzvlərinin, habelə yetkinlik yaşına çatmayan və Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin iştirak etməsinə yol verilmir.

- Hal şahidləri onların iştirakı ilə keçirilən hərəkətlərin məzmununu və nəticələrini protokolda təsdiq etməlidir. Hal şahidlərinin həyata keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil etmək, habelə həmin hərəkətlərə dair öz izahatlarını vermək və etirazlarının protokola daxil edilməsini tələb etmək hüququ vardır.

- Eyni şəxs rəqabət orqanı tərəfindən təqvim ili ərzində bir dəfədən artıq hal şahidi kimi dəvət oluna bilməz.

- Bu Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi zamanı rəqabət orqanı tərəfindən video çəkilişdən istifadə olunduqda hal şahidləri dəvət edilməyə bilər.