RƏSMİ

24 Noyabr

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçanla görüşdə ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanları müzakirə edilib.

Nazirlikdən Fins.az-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Həftəsi çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanla görüşüb.

Görüşdə Azərbaycan və UNECE arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, həmçinin SPECA proqramı çərçivəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib. Bakıda keçirilən SPECA Həftəsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, “yaşıl” iqtisadiyyata keçid, energetika və digər sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olduğu vurğulanıb. Bu baxımdan Azərbaycanın səyləri təqdir edilib.

Tərəflər Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparıb, ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Günel Məlikzadə
Fins.az