Bankların kredit portfelinin 55 faizi biznes kreditlərindən təşkil olunub. İstehlak kreditləri bank sektorunun kredit portfelinin 30 faizini təşkil edir. Yerdə qalan 15 faiz isə ipoteka kreditləridir.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
O qeyd edib ki, iqtisadi artımın təmin olunmasında maliyyə və bank sektorunun üzərinə mühüm rol düşür:
"Bunu nəzərə alaraq, ötən dövr ərzində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və bank sektoru ilə birlikdə iqtisadi artımın təmin olunmasında bankların rolunun artırılması üzrə strategiya müəyyən etmişik. Bu tələb və təklif istiqamətində mövcud olan maneələrin aradan qaldırılması, iqtisadi agentlərin kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması üzrə tədbirləri nəzərdə tutur. Hazırda maliyyə sektorunun inkişafı üzrə yeni strategiyanın üzərində işləyirik. Yəqin ki, ilin sonuna strategiya üzərində işlər tamamlanacaq".