İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonaqlara Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Daha sonra “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Mehrəliyeva və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Mərkəzin innovativ layihələri haqqında təqdimatlar ediblər.
Fins.az xəbər verir ki, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən görüşdə ODA-nın direktoru Dumitru Pintea rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. Həmçinin, Mərkəzin KOB-ların inkişafı və rəqəmsallaşma sahəsində fəal iştirakına verdiyi töhfəni yüksək qiymətləndirib.
Qonaqlar Mərkəzin innovativ layihələrinin fəaliyyəti, biznesə dəstək alətləri və rəqəmsal həllər, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, həmçinin monitorinq və qiymətləndirmə prosesi haqqında suallarını ünvanlayıblar. Bu sahədə İİTKM və ODA arasında institusional əməkdaşlığın qurulması, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər haqqında müzakirələr aparılıb.
Sonda nümayəndələr “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.
Günel Məlikzadə
Fins.az