RƏSMİ

24 Oktyabr

Azərbaycanda energetika sahəsində qiymətlər bu yolla müəyyən ediləcək

Azərbaycanda energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması prinsipləri müəyyən edilir.

Fins.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması aşağıdakılar vasitəsilə təmin edilir:

- dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, energetika sahəsində malların, işlərin, xidmətlərin qiymətlərinin tələb-təklif əsasında formalaşdırılması;

- qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, energetika subyektlərinin fəaliyyətinə dövlət tərəfindən müdaxilə edilməməsi;

- energetika subyektləri arasında, habelə energetika subyektləri ilə enerji istehlakçıları arasında münasibətlərin müqavilə əsasında tənzimlənməsi;

- energetika sahəsində inhisarçılığın yaranmasına, rəqabətin digər şəkildə məhdudlaşdırılmasına və (və ya) haqsız rəqabətə qarşı tədbirlər görülməsi.

- Energetika sahəsində təbii inhisar subyektlərinin fəaliyyət sahələri “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və həmin Qanuna uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.