RƏSMİ

19 Oktyabr

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,9%-ə kimi azalacaq

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2024-cü ildə 2,2 faizə, 2027-ci ildə isə 1,9 faizə enməsi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2590,0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 2891,5, 2379,8 və 2589,8 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2024-cü ildə kəsirin maliyyələşmə mənbəyi olaraq xarici və daxili borclanmanın payının 62,2 faiz, ortamüddətli dövrün sonunda isə 42,5 faiz təşkil edəcəyi gözlənilir.

Eyni zamanda, 2024-cü ildə imzalanmış layihələr üzrə cəlb edilən kreditlərin büdcə kəsirinin maliyyələşdirilməsində payının 9,4 faizə artacağı və dövrün sonuna isə 46,3 faizə çatacağı proqnozlaşdırılır.

Əlavə edilib ki, dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi, özəlləşdirilmədən daxilolmaların növbəti illərdə sabit həcmdə olacağı proqnozlaşdırılıb. Bununla yanaşı, 2024-cü ildə 3378,7 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2027-ci ildə 4395,7 milyon manat səviyyəsində olacağı gözlənilir.

Məhəbbət Məmmədov
Fins.az