Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında heç bir hava gəmisinin səsdən iti sürətlə uçmasına yol verilməyəcək.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, aviasiya sahəsində fəaliyyətlə əlaqədar bu Qanun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada müvafiq hüquqları təsdiq edən sənədləri almış fiziki və hüquqi şəxslər tərəfindən müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
Digər dövlətə mənsub mülki hava gəmisi Azərbaycan Respublikasının hava məkanında yalnız Azərbaycan Respublikası ilə həmin dövlət arasında belə uçuşların nəzərdə tutulduğu beynəlxalq müqavilə bağlanıldıqda müntəzəm və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verildikdə qeyri-müntəzəm (çarter) uçuşlar həyata keçirmək hüququna malikdir. Bu tələb həmçinin “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya əsasən funksiya və vəzifələri ötürülmüş hava gəmilərinə də şamil edilir.
Digər dövlətə mənsub olan dövlət hava gəmisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verildikdə, yalnız bu icazədə göstərilən şərtlərə və müddətlərə uyğun olaraq Azərbaycan Respublikasının hava məkanında uçuşlar həyata keçirmək hüququna malikdir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) digər dövlətlərə mənsub hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin cədvəl üzrə uçuş vaxtına riayət edilməklə aparılır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və sertifikatlaşdırma, o cümlədən nəzarətlə bağlı vəzifələrini icra edən əməkdaşları birbaşa və ya dolayısıyla aviasiya texnikasının, onun hissələrinin, quraşdırılmamış avadanlıqların, elementin və sistemlərin layihələndirilməsində, istehsalı və texniki xidmətində və ya onların istismarında iştirak edə bilməzlər.
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar olunan mülki hava gəmiləri uçuşa və istismara yararlı olmalıdır. Həmin hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.