RƏSMİ

18 Oktyabr

Təyyarə kapitanının vəzifələri müəyyənləşir

Hava gəmisinin idarə edilməsinə və uçuş vaxtı təhlükəsizliyinə görə məsuliyyəti hava gəmisinin kapitanı (komanda verən pilot) daşıyır.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisinin sahibi və ya onun razılığı ilə istismarçı tərəfindən təyin edilir.

Hava gəmisi uçuşda olmayan zaman kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisində olmadıqda, kapitan (komanda verən pilot) qismində yüksək ixtisaslı pilot çıxış edir. Pilotlar təyyarədə olmadıqda, hava gəmisinin heyəti arasında ən yüksək vəzifəli şəxs hava gəmisinin kapitanı qismində çıxış edir.

Kapitanın (komanda verən pilotun) vəzifələri aşağıdakılardır:

- uçuşdan əvvəl hava gəmisinin uçuşa yararlı və hazır olmasına, müvafiq heyətlə komplektləşdirilməsinə, yüklənməsinə əmin olmaq;

- uçuşu yerinə yetirmək, uçuş zamanı hava gəmisinin uçuşa yararlılığına nəzarət etmək, o cümlədən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hava hərəkətini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), hava gəmisinin sahibinə və ya istismarçısına məlumat vermək;

- aviasiya hadisəsi və ya insidenti barədə dərhal müvafiq istirmaçıya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

- hava gəmisinin bortunda olan sərnişinlərin, baqajın və yükün təhlükəsizliyini təmin etmək;

- uçuşların təhlükəsizliyinə dair sənədlərin hava gəmisinin bortunda olmasını və həmin sənədlərdə qeydlərin aparıldığını yoxlamaq;

-. hava gəmisi uçuş əməliyyatlarının həyata keçirilməsi üçün qadağan olunmuş zonaya daxil olduqda dərhal oranı tərk etmək;

- hava gəmisi qəzaya uğradıqda, təhlükəyə məruz qaldıqda, habelə idarə olunması mümkün olmadıqda tədbirlər etmək.

Kapitanın (komanda verən pilotun) hüquqları aşağıdakılardır:

- hava gəmisinin bortunda olan şəxslərə göstərişlər vermək və onların yerinə yetirilməsini tələb etmək;

- öz hərəkətləri ilə uçuş və aviasiya təhlükəsizliyi üçün bilavasitə təhdid yaradan və hava gəmisi kapitanının göstərişinə tabe olmaqdan imtina edən şəxslər barəsində məcburetmə tədbirləri, yükü (baqajı) hava gəmisinin bortuna götürməkdən imtina etmək, habelə hava gəmisini tərk etməyi, və yükün (baqajın) boşaldılmasını tələb etmək.

Uçuşdan əvvəl kabinə heyətinin hər bir üzvünün uçuş əməliyyatının həyata keçirilməsində rolu və vəzifələri müəyyən edilir. Kapitan (komanda verən pilot) uçuş əməliyyatının həyata keçirilməsi, hava gəmisinin, heyət üzvlərinin, sərnişinlərin və hava gəmisində olan yükün təhlükəsizliyi üçün məsuliyyət daşıyır.

Hava gəmisinin bütün heyət üzvləri və sərnişinlər bu Qanunda qeyd edilən hallar istisna olmaqla, kapitanın (komanda verən pilotun) bu Qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı əmrlərini icra etməyə, onun səlahiyyətlərinin həyata keçirilməsində ona kömək göstərməyə borcludurlar.