RƏSMİ

18 Oktyabr

Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair tələblər müəyyənləşəcək

Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair tələblər müəyyənləşəcək.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisinə və ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən istismarçılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.

Yuxarıda nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün xarici dövlətdə müvafiq icazə almış xarici dövlətlərin istismarçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) həmin icazənin tanınması üçün müraciət edirlər.

İstismarçı sertifikatına malik istismarçılar həmin sertifikatda təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair qeyd olduqda bu fəaliyyətlə məşğul ola bilərlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını müəyyən edir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş təhlükəli yüklər də nəzərə alınmaqla, beynəlxalq texniki tələblərə (şərtlərə) uyğun olaraq, təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və mütəmadi olaraq yenilənir.

Təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.

Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir. Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməlidir.

“Ekoloji təhlükəsizlik haqqında” qanunda nəzərdə tutulan ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir.

Hava gəmisində daşınmasına icazə verilən bir-birinə təsir edə biləcək təhlükəli yüklərin daşındığı yük vahidlərinin yaxın məsafədə və ya sızma nəticəsində qarşılıqlı təsirə səbəb ola biləcək vəziyyətdə yerləşdirilməsinə yol verilmir.

Hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinin təmin edilməsinə təhdid yarandığı hallarda təhlükəli yüklərin daşınmasını həyata keçirən hava gəmisinin uçuşuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qadağa qoyulur.