RƏSMİ

18 Oktyabr

PUA-lara nəzarət və yoxlamalar aparılacaq

Pilotsuz uçuş aparatlarına nəzarət və yoxlamalar aparılacaq.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pilotsuz uçuş aparatı sistemlərinin istismarçısı sertifikatını və ya əməliyyat icazəsini əldə etmiş pilotsuz uçuş aparatı sistemlərinin istismarçıları tərəfindən bu Qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.

Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi həyata keçirəcək.