Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılacağı hallar açıqlanıb.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mülki və ya dövlət aviasiyası sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müdafiə qabiliyyətinə, ictimai qaydalara və milli təhlükəsizliyə təhlükə yaradan səbəblərə görə ümumi hava hərəkətini hava məkanının müəyyən hissəsində və ya bütün hava məkanında məhdudlaşdırmaq və ya hava məkanının istifadəsinə müvəqqəti qadağa qoymaq hüququna malikdir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda ləğv ediləcək.
Layihə hava məkanından istifadə və uçuş qaydalarını da müəyyən edir.
Azərbaycan Respublikasında uçuşların təhlükəsiz, səmərəli və müntəzəm həyata keçirilməsi üçün hava məkanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq və ölkədaxili tələblərə uyğun olaraq təşkil edilir, bölgüsü aparılır və nəzarətdə saxlanılır.
Uçuş əməliyyatları üçün istifadə edilməzdən əvvəl hava məkanının strukturları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada layihələndirilir.
Uçuş məlumat rayonu elə qaydada bölünür ki, bu rayonlar tərəfindən xidmət göstərilən bütün hava marşrutlarının strukturunu əhatə etsin.
Azərbaycan Respublikasının uçuş məlumat rayonu beynəlxalq aeronaviqasiya xidmətləri üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq Azərbaycan Respublikasına ötürülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiq edilmiş sərhədlərə malikdir.
Hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Dövlət aviasiyası üçün uçuş əməliyyatları digər dövlətlər, habelə mülki və eksperimental hava gəmilərinin uçuşları üçün təhlükə yaratmamaq şərtilə həyata keçirilir.
Hava məkanının mülki hava gəmilərinin hava hərəkətinə nəzarət edilən hissəsində dövlət aviasiyasına mənsub hava gəmiləri uçuşlar həyata keçirərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ümumi hava hərəkəti qaydalarına riayət edirlər.
Azərbaycan Respublikasının hava məkanının hüdudlarında hava hərəkətini idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda ilə tənzimlənir.
Eyni zamanda dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün hava məkanının bir hissəsinə məhdudiyyət qoyulacaq.
Layihəyə əsasən, pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün müəyyən edilən, məhdudiyyət qoyulan və ya qadağan edilən hava məkanının bir hissəsi coğrafi zona adlanacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daimi və ya müvəqqəti coğrafi zonalar təyin edilir.
Coğrafi zona ilə bağlı qoyula bilən məhdudiyyətlər aşağıdakılardır:
- pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatına dair əlavə şərtlər;
- pilotsuz uçuş aparatı sistemlərinin texniki xüsusiyyətlərinə dair əlavə şərtlər.
Coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib edilən, daimi yenilənən və bu Qanunda nəzərdə tutulan elektron portal vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunur.