2023-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.489.737 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9,2 faiz artıb. 2023-cü ilin oktyabr ayının 1-nə kommersiya qurumlarının sayı 172.410 vahid təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,8 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,4 faiz artım qeydə alınıb.
Fins.az xəbər verir ki, 2023-cü ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33.793 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.
2023-cü ilin 9 ayında 11.868 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,2 faizi yerli investisiyalı, 12,8 faizi isə xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,2 faizi elektron qaydada qeydiyyata alınmışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 9 ayında 1.651 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
2023-cü ilin 9 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 22,5 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə 22.004 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Günel Məlikzadə
Fins.az