Ölkəmizdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə müzakirələr aparılıb.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Almaniyanın Fiziki-Texniki Federal İnstitutu (PTB) ilə birgə “14 Oktyabr - Ümumdünya Standartlaşdırma Günü”nə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi, dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edib.
Tədbirin məqsədi insan sağlamlığının qorunmasında təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolunun vurğulanmasıdır.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən standartların önəmindən, bu sahədə aparılan islahatlardan söz açıb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, yeni standartların tətbiqi ilə optimallaşdırılan proseslər və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov standartların tətbiqinin KOB-ların fəaliyyətinə təsirlərindən bəhs edib və bu sahədə Agentliyin sahibkarlarla apardığı iş barədə məlumat verib. Qeyd olunub ki, dövlət-biznes əməkdaşlığının genişlənməsi standartların daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Zübeyde Oyan İnstitutlar arasında əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində standartlaşdırma sahəsi mühüm əhəmiyyətə malikdir.
Tədbirdə həmçinin “Qiymətli metallar və qiymətli daşlar”, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartları üzrə texniki komitələrin fəaliyyətinin təşkili, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsalın effektivliyinin artırılması və istehlakçı məmnuniyyətinin təmin olunmasında standartların rolu, milli və beynəlxalq standartlarda qabaqcıl metodların, rəqəmsal həllərin tətbiqi mövzuları üzrə çıxışlar dinlənilib.
Qeyd: 14 Oktyabr - Ümumdünya Standartlar Gününün qeyd olunması 1970-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) prezidenti Faruk Sunterin təklifi ilə standartlaşdırmanın dünya iqtisadiyyatındakı rolunun vacibliyini vurğulamaq məqsədilə qərara alınıb. Hazırda ölkənin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından ISO-nun tamhüquqlu üzvüdür.
Günel Məlikzadə
Fins.az