İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qlobal İnnovasiya İndeksinin (Qİİ) alt-komponentlərinə cavabdeh işçi qrupların birgə genişləndirilmiş iclası keçirilib. İclasın təşkilində məqsəd Qİİ üzrə mövcud vəziyyətin araşdırılması, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və bu sahədə səmərəli koordinasiyanın təşkilidir.
Fins.az xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Statistika Komitəsi, İİTKM və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.
İclasda adıçəkilən indeks üzrə ümumi baxışlar, əldə olunmuş nəticələr və təkmilləşmə imkanlarının ümumi istiqamətləri müzakirə olunub, həmçinin aidiyyəti dövlət qurumunun məsul olduğu alt-indekslərlə bağlı tematik müzakirələr və fikir mübadiləsi aparılıb.
İclasda Qİİ-nin 2023-cü il üzrə buraxılışı geniş müzakirə olunub, ölkəmizin mövqeyi barədə iclas iştirakçılarına məlumat verilib. Bildirilib ki, 2007-ci ildən fəaliyyət göstərən Qİİ-nin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, o cümlədən, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir.
Vurğulanıb ki, Qİİ üzrə bütün dövlət qurumlarının səmərəli və koordinasiyalı fəaliyyəti nəticəsində ötən illə müqayisədə cari ildə yeni indeksdə ölkəmizin mövqeyi 4 pillə yaxşılaşıb. Eyni zamanda, iclasda Qİİ üzrə göstəricilərin daha da yaxşılaşdırılması üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən hazırlanan matrisa əsasında hər bir indikator üzrə diaqnostika və təhlillər aparılıb.
Qarşılıqlı müzakirə formatında aparılan iclasda qeyd olunub ki, Qİİ üzrə müvafiq alt-indikatorların göstəricilərinin metodologiya və mövcud reallıqlar əsasında daha detallı araşdırılması, bu sahədə göstəricilərin yaxşılaşdırılması üzrə zəruri tədbirlərin müəyyən edilərək həyata keçirilməsi və səmərəli kommunikasiyanın təşkili qarşımızda duran əsas çağırışlardandır.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti işçi qruplarının Qİİ üzrə tematik iclasları iki həftə davam edəcək.
Günel Məlikzadə
Fins.az