RƏSMİ

10 Oktyabr

Baş nazir İndoneziyanın inzibati və bürokratik islahatlar naziri ilə görüşüb

Oktyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb.

Fins.az bildirir ki, görüşdə Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vurğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edilib.

Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm faktorlarından biri kimi dəyərləndirib.

Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfə artdığını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər ölkələr arasında vətəndaşlara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, memorandumun icrası çərçivəsində İndoneziyada "ASAN xidmət" modeli əsasında Dövlət Xidmətləri mərkəzləri fəaliyyət göstərməkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına "ASAN xidmət" ekspertləri tərəfindən ölkəmizdə müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.

Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.