RƏSMİ

10 Oktyabr

Azərbaycan-Gürcüstan əlaqələri yüksək dinamika ilə inkişaf edir

8 oktyabr 2023-cü il tarixində ölkə başçısının Gürcüstana rəsmi səfəri zamanı təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Cənab Prezident İlham Əliyev bəyanatında bir çox məsələlər barədə fikir söyləməşdir və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb, iki ölkə arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Cənab Prezident İlham Əliyevin 08 oktyabr tarixli səfəri Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bəyanatda vurğulanmışdır ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.

Cənab Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyindən danışarkən bildirilmişdir ki, "Cənubi Qafqazda hələ sülh tam bərqərar olmayıb. Bunun artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar".

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Azərbaycanın Gürcüstanla birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.Azərbaycan Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlığın tarixi ənənələrə söykənəndiyi, iki ölkə arasındakı münasibətlərin çox dərin ənənələr üzərində qurulduğu xüsusilə qeyd olunmuşdur. Bildirilmişdir ki, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac olduğu bildirilmişdir. Yeni nəqliyyat yollarının həm geosiyasi vəziyyətlə bağlı olması, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verməsi vurğulanmışdır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

Azərbaycan-Gürcüstan əməkdaşlığının Avropa və dünya üçün böyük əhəmiyyətə malik olduğu bildirilərək qeyd olunmuşdur ki, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.

Milli Məclisin deputatı,

Rauf Əliyev