Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlığı Təşkilatının Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı üzrə 9-cu Nazirlər Konfransında iştirak edib.
Konfransda İƏT kənd təsərrüfatı nazirləri kənd yerlərinin inkişafının təşviqi, qida israfının qarşısının alınması, su ehtiyatlarının səmərəli idarə olunması, aqrar sahəyə investisiyaların artırılması, kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanın gücləndirilməsi və digər məsələləri müzakirə ediblər.
Daha sonra nazir Məcnun Məmmədov Dohada fəaliyyətə başlayan “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasimində iştirak edib. Nazir ilk öncə Heydər Əliyev Fondu tərəfindən qurulmuş Azərbaycan pavilyonu ilə tanış olub, daha sonra Türkiyə Respublikasının pavilyonunun açılış mərasiminə qatılıb. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşən nazir qardaş ölkənin “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını yüksək dəyərləndirib. Məcnun Məmmədov daha sonra sərgidə fəaliyyət göstərən digər ölkələrin pavilyonları ilə tanış olub, sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisi 2024-cü il martın 28-dək davam edəcək. Sərgi Dohanın ən böyük parklarından biri olan Al Bidda Parkında təşkil olunub. Sərgi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” devizi altında keçirilir.
Günel Məlikzadə
Fins.az