Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi qadağan edilir.
Fins.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir:
- məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən, malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
- rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
- rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
- rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
- rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.