RƏSMİ

02 Oktyabr

Azərbaycanda rəqabət siyasətinin əsas prinsipləri müəyyən edilir

Azərbaycanda rəqabət siyasətinin əsas prinsipləri müəyyən edilir.

Fins.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.

Məcəlləyə əsasən, rəqabət siyasətinin prinsipləri aşağıdakılardır:

- sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması;

- rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi;

- iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması;

- rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması;

- qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması;

- sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması;

- müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;

- rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi;

- bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.