Məskunlaşma konsepsiyası gündəlik həyatımızı özündə ehtiva edir.
Fins.az xəbər verir ki, bu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Ümumdünya Məskunlaşma Günü” ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
“Dayanıqlı məskunlaşma planet üçün əhəmiyyət kəsb edir. Hər bir xırda element həyatımıza təsir edir. Məskunlaşmanın əhəmiyyəti demoqrafik sərhədləri, hüdudları keçir. Bu gün Azərbaycan üçün də çox önəmlidir. Şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır. Əminəm ki, bu tədbir gələcəkdəki davamlı əməkdaşlığımıza töhfə verəcək. Məskunlaşma günü gələcək çağırışlar üçün mayak rolu oynayır. İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır. Biz sürətli, keyfiyyətli tikinti təcrübəmizi paylaşmaqda qətiyyətliyik”,- deyə Ş.Mövsümov bildirib.
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.
©Trend