Naxçıvanda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş olub.
Fins.az xəbər verir ki, görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Birgə enerji layihələrinin region və Avropa miqyasında enerji təhlükəsizliyindəki rolundan bəhs edilib. İğdır-Naxçıvan qaz kəmərinin və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracının reallaşdırılmasının Azərbaycan-Türkiyə enerji tərəfdaşlığını daha da möhkəmləndirəcəyi qeyd edilib. Bu məqsədlə də layihələrin sürətləndirilməsinin vacibliyi vurğulanıb və Türkiyə üzərindən qazın Naxçıvana nəqlinin ilin sonuna planlaşdırıldığı bildirilib. Həmçinin TEİAŞ və “Azərenerji” ASC arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə Avropaya əlavə qaz tədarükü istiqamətində SOCAR və BOTAŞ-ın birgə fəaliyyəti müzakirə edilib. Söhbət zamanı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında energetika sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında müqavilə”nin, eləcə də Bakı şəhərində yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsinin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki ölkə nazirlərinin və Enerji Forumu çərçivəsində fəaliyyət göstərən 6 İşçi qrupunun rəhbərlərinin iştirakı ilə də görüş keçirilib. Görüşdə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, bərpa olunan enerji və mədənçilik istiqamətləri üzrə birgə İşçi qruplarının hesabatları dinlənilib. Əməkdaşlıq imkanları dəyərləndirilib və yeni istiqamətlər üzrə atılacaq addımlar müəyyənləşdirilib.
Günel Məlikzadə
Fins.az