RƏSMİ

29 Sentyabr

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş  Forum keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Forumda istehlakçı hüquqlarının müdafiəsi sahəsində ölkədə rəqabətli biznes mühitinin əhəmiyyətinə toxunulub, beynəlxalq təcrübəyə uyğun qanunvericilik bazasının formalaşdırılmasında Ulu öndərin həyata keçirdiyi strategiyanın əhəmiyyəti vurğulanıb, istehlakçı hüquqlarının qorunmasında sahibkarlıq subyektlərinin rolunun artırılmasına dair panel müzakirələri təşkil edilib.

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda Forum keçirilib. Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, ticarət palataları və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, məhz Ümummilli Lider 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirib. Qeyd edilib ki, Ulu öndərin müdrik siyasəti əsasında həyata keçirilən tədbirlərin nəticəsi olaraq azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, özəl sektora dövlət dəstəyi gücləndirilmiş, azad rəqabət mühiti təmin edilmiş və əhalinin sosial rifahı daha da yaxşılaşdırılmışdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli milli iqtisadiyyatının inkişafı və ölkənin iqtisadi qüdrətinin artırılmasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlardan bəhs edib. Qeyd olunub ki, Ulu öndərin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz ardıcıl, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesi başa çatdırılıb. Eyni zamanda, iqtisadi sahədə islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə əsasında Rəqabət Məcəlləsi layihəsinin hazırlandığı xüsusi vurğulanıb.

Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə çıxışında qeyd edib ki, son bir neçə ildə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında şəffaflıq mühiti kifayət qədər inkişaf edib. Dövlət-özəl münasibətlərində qarşılıqlı inamın mövcud olması Azərbaycanda Rəqabət Məcəlləsi kimi çox mühüm sənədin qəbulu üçün zəmin yaradıb.

Açılışda həmçinin Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru Ədalət Muradov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Ziyad Səmədzadə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxış  edərək istehlakçıların hüquqlarının müdafiəsi sahəsində prioritetlərin müəyyənləşdirilməsi və qarşıya qoyulmuş sosial-iqtisadi hədəflərə çatmaq üçün istehlakçı məmnuniyyətinin əhəmiyyətindən bəhs ediblər.

Tədbir “Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sistemində sahibkarlıq subyektlərinin rolu” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırovun moderatorluq etdiyi panel müzakirələrində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi, Azərbaycanda Amerika Ticarət Palatasının Gündəlik tələbat malları komitəsinin sədri Elşad Fərzəliyev və “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin üzvü Elbrus İsmayıllı iştirak ediblər. Müzakirə zamanı istehlakçı hüquqlarının müdafiəsində sahibkarların, xüsusilə mikro, kiçik və orta biznes subyektlərinin rolunun artırılmasının zəruriliyi vurğulanıb. Həmçinin istehlakçı məmnuniyyətinin əldə edilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən müraciətlərin qəbulu sisteminin təkmilləşdirilməsi, sahibkar-istehlakçı münasibətlərinin inkişafında beynəlxalq təcrübələrin tətbiqi imkanları, istehlakçı şikayətlərinin həllində assosiasiyaların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

Günel Məlikzadə
Fins.az