İlk növbədə hər birinizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından salamlayır, forumun işinə uğurlar arzu edirəm.
Fins.az bildirir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda deyib.
"Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin 4 milyon km2-dən çox ümumi ərazisi, 160 milyon nəfərdən çox əhalisi, eyni zamanda 1,2 trilyon dollara yaxın ÜDM olmasına baxmayaraq ölkələr arasında iqtisadi əlaqələr, o cümlədən ticarət dövriyyəsinin həcmi mövcud potensialı əks etdirmir. Bizim birlikdə böyük ərazilərimiz, böyük təbii resurslarımız, çox əlverişli coğrafi mövqeyimiz var. Yəni ticarət dövriyyəsini kəskin artırmaq və təşkilat daxili iqtisadi münasibətlərin yeni formatını formalaşdırmaq üçün demək olar ki, lazım olan amillər mövcuddur.
Sevindirici haldır ki, bu potensialın reallaşdırılması üçün son dönəmlər Türk Dövlətləri Təşkilatı formatında görüşlərin və tədbirlərin sayı artır.
KOBİA Türk Dövlətləri Təşkilatı ilə əlaqəli qurumlar və müşahidəçi ölkələrin müvafiq təsisatları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstanın qurumları ilə Anlaşma Memorandumları imzalanmış, qarşılıqlı biznes-forumlar, görüşlər keçirilmişdir.
Bu tədbirlər arasında iqtisadi fəaliyyət sahələrinin geniş yer alması, burada təmsil olunan ölkələrin hər birinin iqtisadi inkişafına, eyni zamanda ölkələr arasında əlaqələrin genişlənməsinə ciddi müsbət töhfə verməkdədir. Ötən ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirildi", - deo əlavə edib.
Orxan Məmmədov eyd edib ki, bir neçə gün əvvəl isə İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 12-ci iclası çərçivəsində Türk Ticarət Sənaye Palataları Birliyinin təşkilatçılığı ilə biznes və investisiya forumu keçirilib.
"Tədbirin mövzusu olan AgroBiznes sektoruna gəldikdə isə dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı həm də qlobal miqyasda ərzaq təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir. Dünyada iqtisadi, ekoloji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlar və trendlər yaranıb.
Aqrar sektorda dayanıqlı inkişafı təmin etmək üçün qlobal dəyişikliklərin bu sahəyə təsirinin yumşaldılması, eyni zamanda sektorun bu təsirlərə uyğunlaşması imkanlarına baxılması vacibdir.
Eyni zamanda kənd təsərrüfatı sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirlərinin azaldılması, həmçinin bu təsirlərin aradan qaldırılması qarşıda duran əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.
Müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi barədə Sərəncamından irəli gələrək hazırlanmış "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əsas fəaliyyət istiqamətlərindən biri də "dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi"dir.
Strategiyada müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaqdır.
Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin də daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Bu səbəbdən aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək tədbirlərinin həyata keçirilməsi KOBİA-nın da fəaliyyət gündəliyinə daxildir.
KOBİA aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlamaqla, bu sahənin nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu günədək aşkar etdiyimiz problemli məsələlər aşağıdakılardır: aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlamışdır. Bu günə qədər 1500-dən artıq müraciət müvafiq formaya uyğun qeydə alınmışdır. Onların da 500-ə qədəri xarici müraciətlərdir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür.
AgroBiznesdə KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir və bu, KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir.
2018-ci ildən etibarən 1000-dən çox KOB subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib.
KOBİA bu sektorda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində hər zaman dəstəkləyir. Qeyd etdiyim bu mexanizmlərdən biri də sərgilərdə iştiraka dəstəkdir ki, KOBİA "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgilərində KOB-lara dəstək göstərən qurumlar sırasında olub.
Bundan əlavə olaraq, bu günə qədər tərəfimizdən kənd təsərrüfatı sahəsində 141 sahəvi və maarifləndirmə görüşü keçirilmiş və 3500-dən çox sahibkar iştirak etmişdir. Bu görüşlərdə qalxan problemlər və onların həllinə aid səsləndirilən çox saylı təkliflər ciddi təhlil edilir və həmin sahə problemlərinin həllinə yönəlik müvafiq addımlar atılır.
Eyni zamanda, sahibkarlar KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB Evlərində vahid məkanda G2B və B2B xidmətlərdən faydalana bilərlər. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bu sahədə dövlət və özəl xidmətlərin vahid pəncərə prinsipinə uyğun olaraq KOB evlərində təşkili həyata keçirilib", - deyə KOBİA sədri vurğulayıb.
Fuad Mədətov
Fins.az