Qiymətləndiricilər Palatası üzvlərinin reyestri aparılacaq.
Fins.az-ın xəbərinə görə, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, bu Qanunda nəzərdə tutulmuş qaydada ixtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə ixtisas şəhadətnaməsinin surəti və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsi əlavə olunur. Müraciət edən şəxsdən əlavə sənədlər tələb edilə bilməz.
Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti ərizə daxil olduqdan 5 (beş) iş günü müddətində müraciət edən şəxsin Palatanın üzvlüyünə qəbul edilməsi haqqında qərar qəbul edir, ona üzvlük vəsiqəsini təqdim edir və onun haqqında məlumatları Qiymətləndiricilər Palatası üzvlərinin reyestrinə daxil edir.
Üzvlük vəsiqəsinin forması Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Üzvlük vəsiqəsində qiymətləndiricinin ixtisas şəhadətnaməsinin (şəhadətnamələrinin) nömrəsi, qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) qeyd edilir.