RƏSMİ

21 Sentyabr

Bir sıra xammal və aralıq malların idxalı üzrə gömrük rüsumları azaldılacaq

Yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsi azaldılacaq.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü ildə gəlir siyasətinin istiqamətlərindən biri də gömrük ödənişlərinin təkmilləşdirilməsi olacaq. Belə ki, daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsinin azaldılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.

Eyni zamanda sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq. Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməyəcək.

Fuad Mədətov
Fins.az