RƏSMİ

07 Sentyabr

Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Orta Dəhlizin birgə inkişafıdır - Alim Bayel

Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) birgə inkişafıdır.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın nəqliyyat-logistika potensialının tam həcmdə reallaşdırılmasını strateji məqsəd kimi qeyd edib. Qazaxıstan Şimalla Cənubu, Qərblə Şərqi qlobal şəkildə birləşdirən yolların ayrıcında yerləşir. Bu istiqamətlər üzrə sürətli ticarət axınının artımı proqnozlaşdırılır.

Qeyd edilməlidir ki, bu kontekstdə geniş perspektivlər açan coğrafi üstünlük Qazaxıstanla Azərbaycanı birləşdirir. Bizim ümumi məqsədimiz Transxəzər marşrutunun birgə inkişafıdır. Prezident Tokayev bildirib ki, ortamüddətli perspektivdə sözügedən dəhliz üzrə daşımaların həcmi beş dəfə artırıla bilər", - deyə o vurğulayıb.

Səfir qeyd edib ki, bunun üçün infrastrukturun hərtəfəli modernləşdirilməsi davam etdirilir.

"Xüsusilə Aktauda konteyner habı tikilir, Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminalların tikintisinə start verilib. Prinsipcə, Qazaxıstan Azərbaycanda da terminalın tikintisinə sərmayə qoya bilərdi", - deyə səfir əlavə edib.

Alim Bayel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların həcminin artıq artdığını vurğulayıb.

"2022-ci ildə bu həcm 2,5 dəfə artıb və 1,5 milyon ton təşkil edib. 2023-cü ilin birinci yarısında artım 77% təşkil edib. Gələcək artım üçün dəhliz boyu bürokratik prosedurların azaldılmasını, vahid tarifləri, TBNM-in rəqəmsallaşdırılmasını təmin etmək lazımdır. Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında birgə müəssisənin yaradılması üzrə həyata keçirilən iş olduqca önəmlidir. Bu kontekstdə, tam nəqliyyat-logistika qüvvəsi olması üzrə genişmiqyaslı işlərin aparılması məqsədilə Qazaxıstanda ayrıca Nəqliyyat Nazirliyi yenidən təsis edilib", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu ilə yükdaşıma şəbəkələrini birləşdirir. Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərinin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətə yükdaşımaların artmasına töhfə verir. Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.