RƏSMİ

16 İyun

Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafdan təchiz edəcəklər

Beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini məhz operatorlar taxoqrafla təchiz etməlidirlər.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Operatorlar və beynəlxalq daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxografla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilməyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən daşıyıcılar həmin daşımaları həyata keçirən yük avtonəqliyyat vasitələrini və ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.