RƏSMİ

16 İyun

Avtomobillə müntəzəm sərnişin daşımalarının sifarişi sahəsində yeni prosedur müəyyənləşir

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının sifarişi sahəsində yeni prosedur müəyyənləşir.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihəyə görə, müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) muəyyən etdiyi məbləğdə ödəniş ediləcək.

Eyni zamanda şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən elektron qaydada formalaşdırılacaq.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.