“Qlobal İqtisadi Perspektivlər” (GEP) Hesabatı Azərbaycanın yuxarı-orta gəlirli ölkə kimi qlobal iqtisadiyyat barədə müzakirələrə daxil edilməsi və Dünya Bankının gələcək hesabatlarında ölkəmizin mövqeyinin nəzərə alınması baxımından əhəmiyyət daşıyır.
Fins.az xəbər verir ki, Bakıda Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” (GEP) Hesabatının təqdimatı keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan sosial-iqtisadi məsələlərə dair konseptual baxışların formaşdırılmasında və dayanıqlı iqtisadi inkişaf hədəflərinə nail olunmasında beynəlxalq təşkilatlarla, xüsusilə də Dünya Bankı ilə əməkdaşlığa və məsləhətləşmələrə önəm verir. Bildirilib ki, Dünya Bankı ilə ölkəmizin məhsuldar tərəfdaşlığı və Bankın dəstəyi ilə həyata keçirilən layihələrin iqtisadi inkişafa töhfələri xüsusi qeyd olunmalıdır. Hesabatın önəmi barədə fikirlərini bölüşən nazir müavini “Hesabata dair təqdimatın Azərbaycanda ilk dəfə keçirilməsi əlamətdar hadisədir. Hesabatda inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirilməklə, qlobal iqtisadi hadisələr və perspektivlər araşdırılır. Bu baxımdan sənəd mühüm praktik əhəmiyyətə malikdir. Hesabat iqtisadi idarəetmə, biznes, investorlar, maliyyə-bank sektoru üçün vacib məlumat mənbələrindən biridir” deyə qeyd edib.
Tədbirdə qlobal çağırışlara adekvat yanaşma, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin olunması, azad edilmiş ərazilərimizin bərpası və reinteqrasiyası məqsədilə həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və digər dövlət proqramları çərçivəsində görülən işlər barədə məlumat verilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısına, beynəlxalq əhəmiyyətli nəqliyyat və nəqliyyat-logistika qovşağına çevrildiyi, ölkəyə strateji investorların marağının əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl son illərdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda Bank tərəfindən ildə iki dəfə dərc olunan “Qlobal İqtisadi Perspektivlər” hesabatının əhəmiyyəti barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda aparılan iqtisadi islahatlar bir çox beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı tərəfindən dəstəklənir. Dünya Bankının nümayəndəsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarını, əldə olunan nailiyyətləri qeyd edib, Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib.
Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatının meneceri Franziska Ohnsorge tədbirdə “Qlobal iqtisadiyyatın qısa və uzunmüddətli artım perspektivləri: yavaşıyan artım və güclənən risklər” mövzusunda təqdimatla çıxış edib.
Tədbir Dünya Bankının və ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Qlobal və regional iqtisadi yavaşımanın Azərbaycana təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.
Qeyd edək ki, “Qlobal İqtisadi Perspektivlər” (GEP) Hesabatı formalaşmaqda olan bazarlara və inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirməklə, qlobal iqtisadi hadisələri və perspektivləri araşdıran Dünya Bankı Qrupunun flaqman hesabatıdır və dərc edildikdən sonra dünyanın bir sıra aparıcı şəhərlərində “roudşou” formasında təqdim olunur. 2023-cü il iyun buraxılışının təqdim olunacağı şəhərlər sırasında Bank tərəfindən Bakının da yer alması qərara alınıb. Hesabat Azərbaycanın yuxarı-orta gəlirli ölkə kimi qlobal iqtisadiyyat barədə müzakirələrə daxil edilməsi və Dünya Bankının gələcək hesabatlarında aparılacaq təfərrüatlı təhlillər zamanı ölkəmizin mövqeyinin nəzərə alınması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, GEP Azərbaycan ictimaiyyətinə Dünya Bankının araşdırmaları ilə tanış olmaq üçün daha geniş fürsət yaradılması məqsədilə ölkənin elmi-tədqiqat dairələrinin, hökumət qurumlarının, beyin mərkəzlərinin, kütləvi-informasiya vasitələrinin potensialının gücləndirilməsinə xidmət edir.