Dünya Bankı hesab edir ki, Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilədək ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər.
Fins.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankının hesabatının təqdimatında deyib.
"Bu ilin ikinci yarısında qlobal artımın əhəmiyyətli dərəcədə ləngiyəcəyi proqnozlaşdırılır, 2024-cü ildə isə zəif artımın davam edəcəyi gözlənilir. İnflyasiya təzyiqi böyük ehtimalla qalmağa davam edəcək, sərt pul-kredit siyasəti isə gözlənildiyi kimi bundan sonra da iqtisadi artıma mənfi təsir göstərəcək. Bunun əvvəlki kimi inkişaf etməkdə olan ölkələr və bazarlar üçün mürəkkəb qlobal şərait yaradacağını gözləyirik", - o deyib.
O qeyd edib ki, bugünkü tədbirlərdə, xüsusən panel müzakirələrində həmçinin bu qlobal tendensiyaların Azərbaycan üçün nə anlama gələ biləcəyi konkret müzakirə olunacaq.
"Ötən il hökumət 2026-cı ilədək sosial-iqtisadi inkişaf üzrə yeni strategiya qəbul edib. Strategiya iqtisadi artımın və sosial rifahın canlanması və sürətlənməsi üçün iddialı proqramlar toplusu, investisiyalar və islahatları əks etdirir. Strategiya ÜDM-in ortamüddətli perspektivdə hər il 3 faizdən 4 faizədək artmasını hədəfləyir, lakin qeyri-neft və qaz sektorlarında ÜDM artımı 5 faizə yaxın olmalıdır. Bu məqsədlərin əldə edilməsi asan olmaya bilər. Ölkə daxilində artım neft hasilatının azalması və əhalinin yaşlanması ilə çətinləşəcək, qlobal faktorlar və tendensiyalar isə ehtimalla əlavə problemlər və qeyri-müəyyənlik yaradacaq. Bununla belə, hesab edirik ki, artımın bu hədəf göstəricilərinin əldə edilməsi mümkündür. Azərbaycan neft-qaz gəlirlərinə və dövlət investisiyalarına yönəlmiş köhnə artım modelindən keçidi davam etdirməli olacaq. Uzunmüddətli proqnozlarımız göstərir ki, hazırki artım modeli ilə növbəti 30 il ərzində adambaşına düşən ÜDM yalnız 10% civarında arta bilər. Bu cür ssenari ilə 2050-ci ilədək Azərbaycan gəlir səviyyəsi orta səviyyədən yüksək olan ölkə olaraq qalacaq və yüksək gəlir səviyyəsinə malik ölkə statusu ala bilməyəcək. Lakin yeni artım modelində dövlətin yardımı ilə dinamik özəl sektorun dəstəklənməsinə yönəlmiş daha optimist imkanlar da var.
Dünya Bankı olaraq hesab edirik ki, 2050-ci ilədək Azərbaycanda adambaşına düşən gəlir ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər. Bu ölkənin məqsədlərinə nail olmasına əhəmiyyətli dərəcədə kömək edə bilər. Ümid edirik ki, bu tədbir bu gün Azərbaycanın inkişaf sürətini müəyyən edən, həmçinin yaxın illərdə ölkənin artım imkanlarına təsir göstərəcək qlobal tendensiyaları anlamaq və onlar barəsində fikir mübadiləsi aparmağımız üçün unikal imkan olacaq", - o deyib.