RƏSMİ

12 İyun

Taleh Kazımov: Mərkəzi Bank inflyasiyanın qarşısını almaq üçün istehlak kreditlərini məhdudlaşdırıb

“İnflyasiyanın proqnozdan fərqli olması ilə bağlı fikirlər səsləndirilir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, Mərkəzi Bankın proqnozuna inanmırsınızsa, bunu bizə əsaslandırın: “Bizim qapılarımız açıqdır, müzakirəyə açığıq. Biz 11,3 % inflyasiya proqnozlaşdırırıq. Amma yenə də bu proqnoza baxılacaq. Sözsüz ki, biz beynəlxalq maliyyə institutlarının proqnozlarını da nəzərdən keçiririk. Xahiş edirəm ki, kimdəsə də öz proqnozları varsa, bizimlə müzakirə etsin, paylaşsın. Bizim proqnoza inanmayanlarla da biz müzakirəyə hazırıq”.

Taleh Kazımov qeyd edib ki, Azərbaycanda inflyasiya idxal olunan inflyasiyadır: “Aprel ayında 12,8 % inflyasiyanın 6 % bənddən çoxu idxal olunan inflyasiyadır. Ümumi olaraq, biz yaşadığımız inflyasiyanın 80 %-ə qədəri idxal olunan inflyasiyadır. Kim istəsə, bunu əsaslandıra da bilərik. AMB inflyasiyanın qarşısını almaq üçün bir neçə addımlar atır. AMB istehlak kreditlərini məhdudlaşdırıb. Bu, inflyasiyanın qarşısını almaq üçündür. Sabit məzənnə rejimi nominal effekti vasitəsi ilə inflyasiyaya azaldıcı təsir göstərir. Növbəti bizim inflyasiyanı nəzarət altına almaq üçün atacağımız addım uçot dərəcəsinin effektivliyinin artırmaqla bağlı olacaq. Keçən il sentyabr ayından başlayaraq, yeni pul siyasəti həyata keçiririk. Banklararası aylıq dövriyyə artıq 3 milyardı ötür. Bu, tarixi rekorddur. Bu o deməkdir ki, banklar artıq bir-birinə kredit verməyə başlayıb. İlk dəfə olaraq, Azərbaycanda keçən il sentyabrın 1-dən buna başlanıb”.