RƏSMİ

05 İyun

Mərkəzi Bank banklara sonuncu instansiya kreditoru kimi yeni qaydada kredit verəcək

Qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara Mərkəzi Bank sonuncu instansiya kreditoru kimi yeni qaydada kredit verəcək.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.

Layihəyə əsasən, Mərkəzi Bank qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə bilər. Belə kreditlərin digər şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti daha uzun müddətə sonuncu instansiya krediti verə bilər.