RƏSMİ

05 İyun

AMB risk əsaslı tənzimləmə və nəzarəti həyata keçirəcək, xüsusi tənzimləmə rejimi olacaq

Mərkəzi Bank risk əsaslı tənzimləmə və nəzarəti həyata keçirəcək, xüsusi tənzimləmə rejimi olacaq.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, effektiv tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə maliyyə bazarlarında tənzimləmə və nəzarət risk əsaslı yanaşma əsasında həyata keçirilir və bu məqsədlə nəzarət subyektlərinin biznes modeli, risklərinin qiymətləndirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, kapitalı, gəlirliliyi və digər risk faktorları nəzərə alınmaqla onların risk profili müəyyən edilir. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla onlar üçün fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

Mərkəzi Bank maliyyə bazarlarında innovativ xidmət və məhsulların (bundan sonra – innovativ məhsulların) sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edə bilər. Xüsusi tənzimləmə rejimi hüquqi şəxslər tərəfindən innovativ məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Xüsusi tənzimləmə rejimi aşağıdakı prinsiplər əsasında tətbiq edilir:

- xüsusi tənzimləmə rejimində bərabər iştirakın təmin edilməsi;

- xüsusi tənzimləmə rejiminin iştirakçısı (xüsusi tənzimləmə rejimində innovativ məhsulları təqdim edən şəxs) tərəfindən istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi.

- Xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı qaydalar, o cümlədən xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət, lakin 5 (beş) ildən çox olmayaraq Mərkəzi Bank tərəfindən müəyyən olunur. Xüsusi tənzimləmə rejiminin iştirakçısı innovativ məhsulların sınağını Mərkəzi Bankla bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirir. Müqavilədə ən azı sınağın həyata keçirilməsi şərtləri, tərəflərin hüquq və öhdəlikləri, sınağın keçirilmə müddəti, müqaviləyə xitam verilməsi halları və qaydası nəzərdə tutulur.

Xüsusi tənzimləmə rejiminin iştirakçısı müvafiq məhsul istifadəçisini bu barədə xəbərdar etməlidir. Xüsusi tənzimləmə rejimi çərçivəsində qanunvericilikdə aşkar edilən boşluqların aradan qaldırılması və ya fərqli qaydaların müəyyən edilməsi zərurəti ilə əlaqədar Mərkəzi Bank təkliflərini müvafiq qaydada təqdim edə bilər. Xüsusi tənzimləmə rejimində iştirakına xitam verilməsi rejim iştirakçısını məhsul istifadəçisi və digər şəxslər qarşısında həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir. Mərkəzi Bank rəsmi internet səhifəsində rejim iştirakçılarının reyestrini dərc edir. Reyestrə rejim iştirakçısının adı, internet səhifəsi (varsa), əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və.s.), təqdim etdiyi innovativ məhsul, sınağın keçirilmə müddəti, sınaq nəticələri və sınağa vaxtından əvvəl xitam verildiyi halda bu barədə məlumatlar daxil edilir.